
Tənzilə Rüstəmxanlı: «Xocalı faciəsi ermənilərin millətimizə qarşı etdiyi ən qanlı hadisədir»
«Gənc Liderlər» Uşaq Təşkilatı və Səbail rayonundakı 7 saylı orta məktəbin təşəbbüsü ilə sözügedən təhsil müəssəsində tanınmış ictimai xadimlərin iştirakı ilə «Xocalı faciəsi olduğu kimi adlı» tədbir keçirilib. Bu barədə məlumat qurumun Mətbuat Xidmətindən daxil olub.
Toplantıda çıxış edən şagirdlər Xocalı faciəsinin tarixindən danışaraq, ermanilərin törətdiyi vəhşiliklərdən söhbət açıblar. Faciəni əks etdirən qısametrajlı filmin nümayiş olunduğu tədbirdə, məktəblilər faciənin dünyaya tanıdılması üçün təkliflər veriblər.
Tədbirdə çıxış edən Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı çıxış edərək, ermənilərin artıq 20 ildir ki, azərbaycanlılara qarşı soyqrım həyata keçirdiyini bildirərək, Xocalı faciəsinin ermənilərin millətimizə qarşı etdiyi ən qanlı hadisə olduğunu diqqətə çatdırıb.
«Məktəblilərimiz bu faciə barədə daha çox öyrənməli və dünyaya çatdırmalıdır» deyən 7 saylı məktəbin direktoru Gülnaz Mehdizadə bu hadisənin hər bir azəri gəncinin ermənilərə qarşı daha mütəşşəkkil şəkildə mübarizə aparması üçün stimul olduğunu deyib.
Daha sonra çıxış edən «Gənc Liderlər» Uşaq Təşkilatının sədri Fərid Şahbazlı, Respublika Uşaq Parlamentinin sədri Tale Əliyev və digərləri bu faciənin həm də ən çox uşaq ölümünə səbəb olan hadisə olduğunu deyiblər.
