İki ölkə müdafiə nazirlikləri arasında bu haqda müzakirələr gedir
Bu ilin yayında Azərbaycanla Türkiyə bir sıra birgə hərbi manevrlər keçirə bilər. Bu barədə məlumat Rusiyanın “Kavkazskiy uzel” agentliyinin saytında yer alıb. Azərbaycan Müdafiə Nazirliyindəki mənbə bildirib ki, hələlik iki ölkə arasında bu barədə ilkin müzakirələr gedir. Mənbənin sözlərinə görə, yaxın günlərdə Bakıya yüksək rütbəli Türkiyə hərbçilərindən ibarət heyət səfər edəcək və həmin məsələlər Azərbaycan tərəfi ilə müzakirə olunacaq. Mənbə birgə təlimlərin konkret vaxtını və yerini açıqlamayıb.
Türkiyə uzun müddətdir Azərbaycanla hərbi əməkdaşlıq edir, bu əməkdaşlıq həm NATO çərçivəsində, həm də ikitərəfli qaydada aparılır. Azərbaycan Silahlı Qüvvələrinin bəzi hissələri Türkiyə hərbi təlimatçılarının rəhbərliyi altında hazırlanıb, iki ölkə arasında hərbi əməkdaşlığa dair çoxsaylı sənədlər var. Bu əməkdaşlıq birgə hərbi manevrlər üçün zəruri baza yaradır. Bəzi hərbi ekspertlər isə qeyd edirlər ki, Azərbaycanla Türkiyə arasında birgə hərbi manevrlərə dair müzakirələr Rusiya və Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində keçirməyə hazırlaşdığı birgə təlimlərə cavab ola bilər. Bu təlimlər zamanı bütün qoşun növlərindən, o cümlədən aviasiyadan istifadə olunacaq. Manevrlərin bir hissəsi Ermənistanın Türkiyə ilə həmsərhəd bölgələrində keçirilməlidir.
