![]() |
Bəs görəsən, Ermənistanın xarici işlər naziri "Minsk qrupunun sənədi" deyəndə nəyi nəzərdə tutur?
BBC-nin Azərbaycan xidməti bu sualla Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadəyə müraciət edib.
“Mən bu sənəd nə olduğunu sizə deyim də, gizlətmək nəyə gərək, - deyə cənab Quluzadə bildirib, - 1999-cu ildə İstanbul sammiti ərəfəsində Azərbaycanda Dağlıq Qarabağ məsələsində güzəştə çağıran kampaniya gedirdi".
V. Quluzadə bundan əvvəlki danışıqların mahiyyətini açıqlayaraq sənədin məzmununu belə təsvir edib:
"Minsk Qrupu həmsdərdləri güzəştli sülh təklifi hazırladılar, həmin təkliflər çərçivə sazişi adlandırılırdı. Həmin sülh sazişinə əsasən, Dağlıq Qarabağın və Laçının Ermənistana verilməsi təklif olunurdu. Bunun müqabilində isə Azərbaycanın işğal olunmuş 7 rayonu azad ediləcəkdi".
"Sənəddə eləcə də, Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququ da təsbit olunmuşdu", - Vəfa Quluzadə qeyd edib.
Onun sözlərinə görə, bu təklif masa üzərində olarkən Azərbaycanın keçmiş Prezidenti Heydər Əliyev və Ermənistan Prezidenti Robert Köçəryan arasında razılıq əldə ediləndən sonra Ermənistan parlamentində spiker, baş nazir və digər nazirlər və deputatlar güllələndi.
"Bu görünməmiş hadisə idi, ancaq bu hadisə ört-basdır edildi. Ancaq professional dairələr bilirdi ki, məqsəd - İstanbul sammitinin nəticələrini sıradan çıxarmaq idi", -deyə cənab Quluzadə davam edib.
"Və o zamandan bəri Minsk Qrupu heç bir başqa, yeni sənəd ortaya çıxarmayıb", - Vəfa Quluzadə qeyd edib.

