«Üç gündən sonra Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutacaq. Görüşdə həmsdərlərin də iştirakı gözlənilir». Bu barədə ANS TV-yə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza məlumat verib. Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri dəyişdiyindən, bu, tərəflər arasında ilk görüş xarakteri daşıyacaq: «Həmsədrlər Elmar Məmmədyarovla Edvard Nalbaldyanı tanış edəcək və onlarla birlikdə nizamlanmanın hazırkı vəziyyəti təhlil olunacaq».
Prezident Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə bildirib ki, son hadisələr Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair aparılan danışıqlar prosesinin gələcəyi ilə bağlı ciddi düşünməyə vadar edib: «Həmsədr ölkələrin Azərbaycanın işğal olunmuş torpaqlarla bağlı BMT Baş Assambleyasının iclasına təqdim etdiyi sənədə qarşı çıxması və bu ölkələrinin rəsmilərinin qeyri-səmimi bəyanatları rəsmi Bakının münaqişənin ədalətli həll yoluna inamını azaldır».
