
İsrail səfiri özlərinin bayramını həmin gün qeyd etməkdə israrlıdırsa, biz də həmin tədbirin baş tutmaması üçün bütün vasitələrdən istifadə edəcəyimizi bildiririk.
Qarabağ Azadlıq Təşkilatı bəyanat qəbul edib.QAT mətbuat xidmətindən saytımızın e-mail ünvanına daxil olan bəyanatı olduğu kimi sizin nəzərinizə çatdırırıq:İsrailin Azərbaycandakı səfiri Artur Lenkin “dostluq xiyabanı”nın məhz mayın 8-də açılacağı ilə bağlı son açıqlaması qəzəb və nifrət hissi doğurur. Səfir Azərbaycan xalqının mövqeyi və heysiyyatı ilə heç bir halda hesablaşmaq istəmədiyini açıq şəkildə bildirir. Onun açıqlamasından aydın olur ki, həmin gün Azərbaycan xalqının hüzn və kədər içərisində olacağının ona heç bir təsiri yoxdur, o, çox asanlıqla xalqın hissləri ilə oynaya bilər və heç nə olmamış kimi öz ölkəsinin bayram günündə şənliklər təşkil edə, xiyaban aça, milli düşüncəsi olmayan bəzi məmurları da həmin mərasimlərə dəvət edə bilər. Görünür, Xocalı soyqrımı günündə İsraildə Azərbaycan artistlərinin iştirakı ilə şənliklərin təşkil olunması, BMT Baş Assambleyasında səsvermə zamanı İsrail nümayəndəsinin bitərəf qalması təsadüfi deyilmiş. Həmişə belə olub, ən yaxşı münasibət göstərdiyimiz millətlər bizə xəyanət ediblər. Ermənilərlə də belə olmuşdu, indi də İsrail hökumətindən eyni münasibəti görürük. Azərbaycanda yəhudilər üçün dünyanın heç bir yerində görmədikləri şərait yaradılmışdır. Yəqin, ona görə də İsrail səfiri bizə bu şəkildə “minnətdarlıq” edir.
Qarabağ Azadlıq Təşkilatı bir daha bildirir ki, Şuşanın işğal günündə hər hansı bayram mərasiminin keçirilməsinə imkan verməyəcəkdir. İsrail səfiri özlərinin bayramını həmin gün qeyd etməkdə israrlıdırsa, biz də həmin tədbirin baş tutmaması üçün bütün vasitələrdən istifadə edəcəyimizi bildiririk.