Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təmsilçiləri cəbhənin Naxçıvan istiqamətində saxlanılan Ermənistan vətəndaşları Vanik Zmboyan, Artyom Zöhrabyan, Karen Torosyan və Ağası Enokyanın ölkələrinə təhvil verilməsi ilə bağlı qarşı tərəflə görüş keçirməyiblər. Bu barədə APA-nın sualına cavab olaraq Dövlət Komissiyasından bildirilib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu da APA-ya açıqlamasında dörd erməni hərbçisinin Ermənistana təhvil verilməsi ilə bağlı qarşı tərəflə hər hansı danışıq aparılmadığını deyib: “Ermənistan bu məlumatları yaymaqla növbəti dəfə diqqəti başqa istiqamətə yönəltmək istəyir. Həbs edilən dörd erməni Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlılarına aiddir. Onlar hazırda Müdafiə Nazirliyinin sərəncamındadırlar. Araşdırmalar davam edir. Həmin qrup Azərbaycan ərazisində təxribat törətmək istəyirdi. Artıq bəzi məsələlər təsdiqini tapıb. Bu məsələ Azərbaycan qanunvericiliyi çərçivəsində çözüləcək. Ermənilərin əməlləri həmçinin beynəlxalq hüquq normalarına da ziddir”.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən isə APA-ya mayın 3-də erməni hərbçilərinin təhvil verilməsi ilə bağlı Azərbaycan və Ermənistan nümayəndələri arasında danışıqların olması barədə hər hansı məlumat verilməyib.
Qeyd edək ki, “Regnum” agentliyi mayın 3-də Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən Ararat rayonu istiqamətində Azərbaycan nümayəndələri ilə dörd Ermənistan vətəndaşının təhvil verilməsi ilə bağlı danışıqlar aparıldığı barədə məlumat yayıb. Məlumatda bildirilir ki, əvvəlcədən razılaşma olmasına baxmayaraq, görüş zamanı Azərbaycan tərəfi erməniləri təhvil verməkdən imtina edib.
