Reklam verin!

Azərbaycan Xalq Cümhuriyyəti - 90

May 26, 2008 22:41

Məhəmməd Əmin Rəsulzadə: "28 May bizim dövlət oluş günümüzdür"
Professor Qüdrət Əbdülsəlimzadə: "Cümhuriyyətin tanınması təkcə xalqımızın deyil, bütün Türk Dünyasının tarixi zəfəri idi"

90 il əvvəl varlığını təsdiq edən Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində gördüyü işlər həmişə xatırlanacaq. Cümhuriyyət qurucuları uca millətçi ziyalılar idilər. Bu əməllərin çağdaş dönəmdə daha inadla inkişaf etdirilməsi gərəkdir. Bu barədə danışan professor Qüdrət Əbdülsəlimzadə deyir: "Sivil dövlətçilik prinsiplərinə və atributlarına - çoxpartiyalı parlamentə, peşəkar siyasətçi və peşəkarlardan ibarət hökumətə, orduya, milli valyutaya, himnə, üçrəngli bayrağa, gerbə malik Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, qədim Odlar Yurdu Azərbaycanın keçdiyi əzablı yolların, sərt dönüşlərin, ziddiyyətli, ictimai-siyasi, iqtisadi-sosial, mədəni-mənəvi inkişaf prosesinin şərəfli yekunu oldu. Millətlərin özünüdərk və oyanışı prosesi əvvəlki nəsillərin maarifçilik ideyaları, yeniləşmək arzuları, mübarizlik çağırışları, insan hüquqlarına, onun ləyaqətinə hörmət göstərilməsi təməlində formalaşır. Bu mənada Abbasqulu Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Rəşid bəy Əfəndiyev, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Firidun bəy Köçərli, Əlibəy Hüseynzadə, Əhməd Ağaoğlu, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Əhməd Cavad, Hüseyn Cavid və başqaları tərəfindən əsası qoyulan müxtəlif istiqamətli ictimai-siyasi, sosial-iqtisadi, mədəni-əxlaqi mütərəqqi meyllər millətimizin taleyinə çox böyük təsir göstərib".

Q.Əbdülsəlimzadə qeyd edir ki, 19-cu yüzildən başlanan mürəkkəb ictimai-proseslərin gedişi Azərbaycan cəmiyyətində zamanın tələblərinə uyğun köklü dəyişiklikləri tarixi zərurət kimi irəli sürmüşdü. Xüsusilə 19-cu yüzilin sonu,
20-ci yüzilin əvvəllərində bütövlükdə beynəlxalq aləmdə,
o cümlədən də "qan və atəş" üzərində qurulmuş "millətlər həbsxanası" (Mirzə Bala Məmmədzadə) sayılan Çar Rusiyası daxilində, müxtəlif maraqların toqquşduğu Qafqaz bölgəsində, Azərbaycanda baş vermiş qanlı-qadalı hadisələrdən sonra çətinlik, ciddi maneələrə baxmayaraq dünyanın siyasi xəritəsində Azərbaycan Xalq Cümhuriyətinin meydana çıxması, habelə de-fakto tanınması təkcə xalqımızın deyil, bütün Türk Dünyasının tarixi zəfəri idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında həqiqətən misilsiz xidmətləri olmuş Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Usubbəyov, Mehdi bəy Hacınski, Məmməd Yusif Cəfərov, Xudadat bəy Rəfibəyov, Əkbər ağa Şeyxülislamov, Teymur bəy Makinski, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Sultan Məcid Qənizadə, Xəlil bəy Xasməmmədov, Şəfi bəy Rüstəmbəyov kimi kişilərin xidmətləri sayəsində "işıqlı ulduza" bənzətdikləri və "bir daha enməyəcəyinə inandıqları" "Millətin hüquqi, İstiqlalı, Hürriyyəti" amallı yeni quruluşun siyasi-mənəvi varisi olmaq böyük şərəfdir.

Biz babalarımızın bünövrəsini qoyduqları işi, arzularını başa çatdırmalıyıq. Bəzən mətbuat səhifələrindəki yazılarda, rəsmi və qeyri-rəsmi məcislərdə Azərbaycan Xalq Cümhuriyyyətinə, onun ideoloqlarına və qurucularına qarşı səslənən biganəlik meylləri qəti yolverilməzdir. Çünki əsil insanlar acılı-şirinli, qələbəli - faciəli tarixi keçmişinə dərin hörmətlə yanaşır, həmin hadisələrin baş verdiyi tarixi şəraiti, cəmiyyətdəki qüvvələr nisbətini, daxili-xarici amilləri, beynəlxalq vəziyyəti obyektivliklə təhlil edərək öz mülahizələrini elmi-nəzəri ümumiləşdirmələr əsasında qururlar. Təbii ki, o çətin şəraitdə hansısa işlərisə yerinə yetirməmək, başa çatdırmamaq halları olub. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dövründə hələ də kökünü kəsə bilmədiyimiz rüşvətxorluq, korrupsiya, məmur harınlığı, israfçılıq halları, kəskin təbəqələşmə, hərisliklə mal-dövlət toplamaq, başqalarından seçilmək meylləri olmamışdı".
Q.Əbdülsəlimzadə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının əməllərinin ürəklərdə daha dərindən kök salması üçün millli yaddaş tərbiyəsinin, ənənəsinin gücləndirilməsini arzulayır: "Başqa xalqlar keçmişlərinə, tarixi mübarizə yollarına, siyasi xadimlərinə, tanınmış adamlarına dərin hörmətlə yanaşırlar. Onlar bəzən yaşamadıqları tarixi proseslərə belə müxtəlif variantlar uydurur və olmayan hadisələrə belə xatirə kompleksləri təşkil edir, heykəllər yapırlar.
Biz isə qaydasız-zövqsüz uca imarətlər, saysız-hesabsız şadlıq evləri tikmək mərəzindən, onlara himayədarlıq etmək ədalarından xilas olub "Bir kərə yüksələn bayraq bir daha enməz!" qətiyyətli, sal qayaları xatırladan babalarımızın şərəfinə ucaltmalı olduğumuz abidə barəsində tələsmirik. Əksinə, daxili-xarici müqavimətlərə sinə gərən, Azərbaycanı müstəqil dövlət kimi beynəlxalq aləmdə tanıdan, iqtisadi-sosial sahədə mühüm tədbirləri həyata keçirən, son nəfəslərinə qədər demokratik dəyərlərə sadiq qalmış, sözün əsil mənasında azadlıq uğrunda şəhid ömrü yaşamış kişilərin guya nəyi isə düzgün etmədikləri, yaxud bacarmadıqları haqqında mücərrəd mülahizədər yürüdürük. Bir anlıq o mürəkkəb, ziddiyyətli günlərə qayıdaraq siyasətin imkanı gerçəkliyə çevirmək bacarığı - sənəti olduğunu, habelə hökmən müəyyən güzəştlər müstəvisində reallaşması zəruriliyini nəzərə alsaq, Məhəmməd Əmin Rəsulzadənin sözləri nə qədər aktual səslənir: "Zaman ağır, gedəcəyimiz yol çox tikanlı və əngəllidir. İrəlidə bir çox müşkülat və maneələri dəxi nəzərə almalıyıq. Dumanlı yollar keçmək və son məqsədə çatmaq üçün bir çox fədakarlıq etməli, səbat göstərilməlidir".
Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illəri əhatə etmiş fəaliyyətini, onun iqtisadi-sosial siyasətini, beynəlxalq aləmdəki addımlarını düzgün qiymətləndirmək üçün ilk növbədə hakimiyyətə necə ağır miras qaldığını unutmamaq lazımdır. O zaman neft hasilatı və onun ixracında çətin vəziyyət hökm sürürdü. Elektrik enerjisi istehsalı kəskin azalmış, dəmir yolu və dəniz nəqliyyatı pis şləyirdi, maşınqayırma və metal emalı müəssisələrinin məhsul buraxılışı kəskin ixtisar olunmuşdu. Azərbaycan qəzalarında yerləşən mis mədənləri, pambıqtəmizəmə zavodları, ipək fabrikləri, habelə digər emal müəssisələri fəaliyyətini dayandırmışdı. Xəzər dənizində balıq ovu dəfələrlə azalmış, əkin sahələri ixtisar olunmuş, su təsərrüfatı sistemi dağılmış, taxılçılığa, maldarlığa, bağçılığa-meyvəçiliyə ciddi ziyan dəymişdi.

Vətənpərvər | Siyasət, Vətənpərvərlik | Şərhlər(0) | Baxış sayı: 49

Açar sözlər:


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha