
Bu gün 28 May Respublika Günü-90 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin, İstiqlal Bəyannaməsinin elan edildiyi gündür. Bəs istiqlaliyyətə aparan yol necə olub, 23 ay mövcud olan Cümhuriyyət bizə nə verib?
Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi əməkdaşı Vaqif Abışov deyir ki, 1918-ci il mayın 28-ə qədərki dövrdə həm Cənubi Qafqaz, həm də Cənubi Qafqazdan kənarda qarışıqlıq olub. I Dünya Müharibəsi davam edir, çox böyük dağıntılar baş verir, dövlətlərarası münasibətlər gərginliyilə seçilir, Cənubi Qafqaza da xüsusi önəm verilirdi. İkincisi, Cənubi Qafqazda aralarında qarşılıqlı ziddiyyətlərin olduğu azərbaycanlılar, ermənilər və gürcülər üçün yeganə hakimiyyət Seym və Seymin qarşısında hesabat verən Zaqafqaziya Komissarlığı olub.
1918-ci ilin aprelin 25-də Şaumyan başda olmaqla xalq kosmisarları soveti yaradıldı. Cəmi bir aydan sonra artıq iki hakimiyyət var idi. Tiflisdə müstəqil Azərbaycan Cumhuriyyəti, Azərbaycanın özündə isə daşnak Şaumyanın başçılığı ilə Xalq Komissarları Soveti. 18 gün Tiflisdə fəaliyət göstərdikdən sonra Aərbaycanın Milli Şurası Gəncəyə köçdü. Beləliklə, Azərbaycanın bir qütbündə- Gəncədə Azərbaycan milli höküməti, Bakıda isə daşnak höküməti fəaliyyət göstərirdi. Şaumyan başa düşürdü ki, Gəncədə yerləşən milli hökümət xalqın dəstəyinə arxalana bilər. Bu səbəbdən mərkəzdən yeni hərbi qüvvə tələb olundu. Məqsəd Gəncə istiqamətinə yürüş edərək, milli höküməti elə beşiyindəcə boğmaq idi. Bu istəyi reallaşdırmaq üçün Gəncə istiqamətində hərəkət başlandı. Azərbaycan milli höküməti isə Nuru paşanın rəhbərlik etdiyi Türk Ordusuna arxalanaraq, Bakı istiqamətinə hərəkət etdi. 1918-ci il iyulun 27-də Göyçay ətrafındakı döyüşdə bolşeviklərin dəstəsi darmadağın edildi və şaumyan Xalq Komisarları Şurasının istefasını elan etdi. Amma əvəzində Bakıda milli hökümət yox, Kaspi diktaturası yaradıldı. Bu, ingilislərin artıq Bakıda faktiki hakimiyyətə gəlməsi idi.
Nuru paşanın hərbi qüvvəsinə arxalanan Azərbaycan höküməti 1918-ci il sentyabrın 15-də Bakıya daxil olur və Azərbaycan milli höküməti bütün Azərbaycanda siyasi hakimiyyəti ələ alır. 1918-ci ilin dekabrın 7-də Azərbaycan parlamentinə seçkilər keçirilir. Azərbaycan parlamentli respublika elan edilir. Milliyyətçilik, türkçülük, azərbaycançılıq, milli dövlətçilik, istiqlalçılıq, bərarbərlik, cümhuriyyətçilik kimi anılan müsavatçılıq ideologiyasının, Müsavat firqəsinin əsası qoyuldu. «İnsanlara hürriyyət , millətlərə istiqlal» şüarı Azərbaycanı qurtuluşa haraylayan çağırış oldu. Şərqdə ilk demokratik cümhuriyyət yarandı. Bu hakimiyyət 23-ay faliyyətdən sonra 1920-ci il aprelin 27-də 11-ci ordunun müdaxiləsi nəticəsində süqut etdi. Və düz 71 il. Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra xalq cümhuriyyətinin idealarını davam etdirərək, bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratdı.
