Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə bu gün “Təslimçi sülhə doğru aparan Qarabağ danışıqları və cəmiyyət” mövzusunda Dəyirmi Masa keçirildi
Dəyirmi Masa dövlət himninin oxunuşu ilə başlandı. QAT sədri Akif Nağı tədbirin məqsədi, qoyulan məsələlərlə bağlı giriş sözü ilə çıxış etdi. Sonra Müsavat partiyasının başqanı İsa Qəmbər, Sülh və Demokratiya insitutunun direktoru Leyla Yunus, Tərəqqi partiyasının sədri Çingiz Dəmiroğlu, Sülh səfiri Rəhim Hüseynov, İslam partiyasının sədr müavini Məşədi İlqar, BAB sədri Aqil Səmədbəyli, İnnovasiya mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu, hərbi ekspertlər İldırım Məmmədov, Ələkbər Məmmədov, Azadlıq partiyasının sədri Əhməd Oruc, “Xocalı soyqırımını tanıtma” cəmiyyətinin sədri Şamil Sabiroğlu, Vahid Azərbaycan partiyasının sədri Hacıbaba Əzimov və başqaları iştirak və çıxış etdilər. QAT-ın təqdim etdiyi bəyanat layihəsi əsas kimi qəbul olundu. Bəyanatda deyilir: Ermənistanın quldur rəhbərliyi ilə davam etdirilən danışıqlar Azərbaycanın maraqlarına cavab vermir. S.Sarkisyan çoxlu sayda terror aktlarına, S.Ohanyan isə digər cinayətləri ilə yanaşı Xocalı soyqırımına birbaşa rəhbərlik etmiş hərbi canilərdir. Minlərlə dinc insanı vəhşicəsinə qətlə yetirmiş bu şəxslərin rəhbərlik etdiyi bir rejimlə Qarabağın taleyinə dair danışıqların aparılması heç bir mənəvi ölçüyə sığmır. Minsk qrupunun həmsədr ölkələrinin açıq-aşkar ermənipərəst mövqeyi də bu formatda danışıqların davam etdirlməsini mümkünsüz edir. Minsk qrupu həmsədrlərinin təkid etdikləri “Madrid prinsipləri” mahiyyət etibarı ilə Dağlıq Qarabağın ətrafındakı beş, yaxud yeddi rayonun geri qaytarılması müqabilində Dağlıq Qarabağın rəsmiləşdirilərək Ermənistana verilməsinə xidmət edir. Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar Azərbaycanın təslimçi sülhə məcbur edilməsinə yönəlmişdir. Təsadüfi deyil ki, Ermənistan ciddi-cəhdlə danışıqların məhz bu formatda, “Madrid prinsipləri” əsasında davam etdirilməsinə çalışır. Azərbaycan hakimiyyəti qətiyyətsiz, prinsipsiz və qeyri-ardıcıl mövqe tutur. Hakimiyyət bu ilin martında, BMT Baş Assambleyasında son qətnamə qəbul olunandan sonra, faktiki olaraq, “Madrid prinsipləri”ndən imtina etdi, lakin sonradan beynəlxalq güclərin təzyiqləri altında öz mövqeyindən geri çəkildi. Bu cür qətiyyətsiz və prinsipsiz mövqe ilə Qarabağı işğaldan azad etmək mümkün deyildir. Hakimiyyət bu mövqeyi ilə beynəlxalq güclərin Azərbaycana qəbul etdirmək istədikləri təslimçi xəttin qarşısında geri çəkildiyini nümayiş etdirir. Bəzi qeyri-hökumət təşkilatları da ermənipərəst fondların sifarişini yerinə yetirərək, “xalq diplomatiyası” deyilən eybəcər vasitələrdən istifadə edir, müxtəlif səfərlər, görüşlər, müzakirələr təşkil edir və nəticə etibarı ilə Azərbaycanda təslimçilik əhval-ruhiyyəsini yaratmağa və gücləndirməyə çalışırlar. Yaranmış ağır vəziyyətdə hər şey Azərbaycanın sağlam ictimai, siyasi qüvvələrinin, nüfuzlu şəxsiyyətlərinin-bütövlükdə cəmiyyətin fəal mövqeyindən asılıdır.
Bütün bunları nəzərə alaraq, hesab edirik:
1. Azərbaycanın təslimçi sülhə məcbur edilməsinin qarşısının alınması, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində radikal, qətiyyətli və ardıcıl addımların atılması üçün sağlam və milli ictimai, siyasi qüvvələrin, ayrı-ayrı nüfuzlu şəxsiyyətlərin, bütövlükdə cəmiyyətin birgə fəaliyyəti əlaqələndirilməli, ciddi ictimai müqavimət təşkil eilməlidir.
2. Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə “Madrid prinsipləri” əsasında aparılan və Azərbaycanın maraqlarına zidd olan danışıqlar dərhal dayandırılmalıdır.
3. Hakimiyyət “sülh yolu” deyilən variantın müddətini müəyyənləşdirməli, həmin vaxt nəticəsiz bitdikdən sonra güc tətbiqi ilə torpaqlarımızın işğaldan azad edilməsinə başlamalıdır.
4. S.Sarkisyan, S.Ohanyan kimi hərbi canilərin rəhbərlik etdikləri Ermənistan rejimi ilə hər hansı birbaşa danışıqlardan, təmaslardan imtina edilməlidir.
5.Torpaqlarımız işğaldan azad olunana qədər “xalq diplomatiyası”nın bütün formalarından imtina edilməlidir.
6.Beynəlxalq təşkilatların nümayəndələrinin, vasitəçilərin Dağlıq Qarabağa Ermənistan ərazisindən səfərlərinə yol verilməməlidir.
