Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdin biri – Pakistanın hərbi attaşesi Məhəmməd Şahid Şərif ANS Pressə bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin iştirakilə keçirilmiş hərbi parad çox yüksək səviyyədə təşkil olunub. Cənab Şərifin sözlərinə görə, onun ölkəsi Azərbaycanla hərbi sahədə əməkdaşlığı uğurla davam etdirmək niyyətindədir. Məhəmməd Şahin Şərif qeyd edib ki, bugünki parada nümayiş etdirilmiş texnika, şəxsi heyət onu göstərir ki, Azərbaycanın Silahlı Qüvvələri gündən günə güclənir və təhlükəsizliyin təminatında öz sözünü deməyə qadir olan bir qüvvəyə çevrilir!
Ukraynanın Azərbaycandakı hərbi attaşesi Valeri Venger isə ANS Pressə bildirib ki, bu gün canlı şahidi olduğu paraddan o belə bir qənaətə gəlib ki, Azərbaycanın Silahlı Qüvvələri ən yüksək standartlara cavab verir. «Nümayiş etdirilmiş hərbi texnika, sursat və şəxsi heyət dövlətin, Ali Baş komandanın diqqəti və yüksək dərəcədə maliyyələşmə ilə onu deməyə əsas verir ki, Azərbaycan Ordusu qarşıya qoyulan ən çətin məqsədlərə və verilən ən yüksək əmrləri peşəkarcasına yerinə yetirməyə, ərazi bütövlüyünü bərpa etməyə, dövlətçiliyi qorumağa tam qadirdir. Burada birbaşa Azərbaycan Prezidenti və Ali Baş Komandanı İlham Əliyevin səyləri özünü göstərir. O, Silahlı Qüvvələrin potensialının artırılmasına çox böyük diqqət yetirir və bu da təqdirəlayiqdir! Üstəlik, İlham Əliyevin hərbi qulluqçuların sosial təminatına dair verdiyi son qərarın özü də hərbçilərin rifahının yaxşılaşdırılmasında mühüm müsbət rol oynayacaq. Bugünki parada çoxlu sayda hərbi attaşenin iştirakı bir daha onu göstərir ki, Azərbaycanın hərbi potensialının artırılması xarici ölkələrdə böyük maraq doğurur. Ukrayna həmişə Azərbaycanın yaxın strateji tərəfdaşı olub və biz Azərbaycanın uğurlarına sevinirik»! Hərbi attaşe Valerii Venger ANS Press vasitəsilə Azərbaycan Silahlı Qüvvələrini 90-illik yubiley münasibətilə təbrik də etdi.
Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi Rımbek Tursaqatov ilk əvvəl Azərbaycan xalqını və hərbçilərini Hərbi Qüvvələrin 90-illik yubileyilə təbrik etdi. «Məhz 90 il əvvəl, 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə Milli ordusunun formalaşdırılması başlandı. Bu cür əlamətdar tarixdə belə yüksək səviyyədə təşkil edilmiş hərbi parad bir daha onu göstərir ki, Azərbaycan Ordusuna diqqət yüksək səviyyədədir. Bu parad bir daha Azərbaycanın hərbi imkanlarını əyanə sübut etdi. Şəxsi heyət isə peşəkarlıqla seçildi».
ABŞ-ın hərbi attaşesinin mövqeyini səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik çatdırdı. «Təbii ki, son 11 il ərzində ilk hərbi parad çox həlledici tədbir idi. Biz Azərbaycanla strateji müttəfiqik. İraqda, Əfqanıstanda və başqa yerlərə hərbi əməkdaşlıq edirik. Azərbaycanın çox güclü ordusu var. Bu bayramda Azərbaycanın bütün Silahlı qüvvələrini, xüsusilə əskərlərini təbrik etmək istəyirik və bayramınız mübarək deyirik».
Hərbi paradda iştirak etmiş Rusiyanın Azərbaycandakı hərbi attaşesinin mövqeyini öyrənməyə çalışsaq da, səfirlikdən bizə bildirdilər ki, parad barədə hər hansı mövqeyi Rusiyanın Müdafiə nazirliyi açıqlaya bilər.
Namiq / Qarabağlı Düşüncələr
