Ali Baş komandan İlham Əliyev «Azadlıq» meydanında təşkil olunan hərbi paradı qəbul etməzdən əvvəl öz çıxışında bildirib ki, o, ölkənin hərbi potensialının artırılması üçün əlindən gələn səyləri göstərəcək. «Bəzi halda beynəlxalq aləmdə bu, nədənsə, narahatlıq doğurur. Amma deyim ki, tək hərbi xərclər yox, başqa sahələrdə də bizim xərclər artmışdı. Son 5 il ərzində Azərbaycan dövlət büdcəsini 10 dəfə artırmışıq. Əgər 2003-də bu, 10,8 idisə, indi bu rəqəm 16 mlrd dollara yaxındır. Yəni qalxan iqtisadi imkanlarımız, güclü iqtisadi potensialımızın yüksəlməsi bütün sahələrə dəstəkdir - təhsil, infrastruktur, səhiyyə. Azərbaycanda müasir infrastruktur yaradılıb və biz bütün sahələrdə uğurlar edirik. Biz gələcəkdə də uğurlar əldə edəcəyik. Ümumi kontekstdən hərbi xərcləri çıxarıb, şişirtməyə ehtiyac yoxdur. Onu nəzərə almaq lazımdır ki, müharibə bitməyib, müharibənin hələ ki, birinci mərhələsi başa çatıb. Atəşkəs haqda razılaşma bağlanıb, indiyədək qorunub saxlanılır, amma bu o demək dey il ki, biz güclənməməliyik. O ölkələr ki, işğala məruz qalmayıb, bəlkə ona görə ordu quruculuğuna o qədər də diqqət göstərmir».
İlham Əliyevin sözlərinə görə, Azərbaycan uzun müddətdir ki, müharibədən əziyyət çəkir. Bu baxımdan da onun hərbi potensialının gücləndirilməsi təəccüb doğurmamalıdır. «Azərbaycan müvəqqəti olaraq bir hissəsini itirib. Bu səbəbdən də Ordu quruculuğu həm dövlət, həm hökumət və hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz hər an torpaqları azad etməyə hazır olmalıyıq! Bildiyiniz kimi, Qarabağ müharibəsi üzrə danışıqlar gedir. Uzun müddətdir ki, aparılır. Biz danışıqları əbədi apara bilmərik. Düzdü, müsbət irəliləyişlər var. Müzakirə olunan təkliflərdə Azərbaycanın ərazi bütövlüyü əsasdır və danışıqlar masasında mövcud olan təkliflərdə Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün heç bir təklif yoxdur, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bunu tarix də, beynəlxalq qətnamələr də göstərir! Danışıqları dava etdirəcəyik. Güclü Ordu, onun potensialının artırılması danışıqlara təsir göstərir və göstərəcək. Biz ədaləti bərpa etmək istəyirik»!
Nitqi başa çatdırdıqdan sonra Ali Baş komandan İlham Əliyev bir daha Azərbaycanın şəxsi heyətini bu möhtəşəm bayram münasibətilə təbrik edib və hərbi paradı qəbul etməyə başlayıb.
Namiq / Qarabağlı Düşüncələr
