Dünən İrəvanda Ermənistan müxalifətinin izdihamlı mitinqi keçirilib."Qarabağ Düşüncələri"-nin Ermənistan KİV-lərinə istinadən xəbərinə görə, hakimiyyətin maneələrinə baxmayaraq, müxalifətin aksiyası razılaşdırılmamış məkanda – “Matenadaran” meydanında keçirilib.Mitinqdə çıxış edən Ermənistan müxalifətinin lideri, sabiq prezident Levon Ter-Petrosyan hakimiyyətə ultimatum verib. Ter-Petrosyan bildirib ki, avqustun 1-nə qədər bütün siyasi məhbuslar azadlığa buraxılmalı, müxalifət fəallarına qarşı polis və vergi terroruna son qoyulmalıdır: “Bundan başqa, Robert Köçəryan başda olmaqla 1 mart cinayətinin bütün təşkilatçıları həbs edilməli, Ermənistan baş nazirinin müavini Armen Gevorkyan, Prezident Administrasiyasının rəhbəri Ovik Abramyan, baş prokuror Aqvan Ovsepyan, Milli Təhlükəsizlik Xidmətinin rəisi Qorik Akopyan və İctimai Televiziyanın rəhbəri Aleksan Arutyunyan istefaya göndərilməlidir”. Ter-Petrosyan tələbləri yerinə yetirilməyəcəyi halda, Ermənistan müxalifətinin Serj Sarkisyanın istefasını tələb edəcəyini vurğulayıb.
Mitinq başa çatdıqdan sonra aksiya iştirakçıları İrəvan küçələri ilə yürüş ediblər. Saat 23:00-dan isə Ermənistan paytaxtının Şimal prospektində gözlənilmədən iki min nəfərin iştirakı ilə oturaq aksiya başlayıb. Prospektdə çadırlar qurulub. Ter-Petrosyanın mətbuat katibi Levon Zurabyan aksiyaların avqustun 1-nə qədər davam edəcəyini bildirib: “Avqustun 1-də isə erməni xalqı möhtəşəm mitinq keçirərək, özünü prezident elan etmiş Serj Sarkisyanın 100 günlük fəaliyyətinə qiymət verəcək”.
Babək / Qarabağlı Düşüncələr
