Reklam verin!

"Türkiyənin Ermənistanla iqtisadi ilişkilərə ehtiyacı yoxdur"

May 27, 2008 18:10

Mehmet Şimşək: "Türkiyənin Ermənistanla iqtisadi ilişkilərə ehtiyacı yoxdur"


Ermənistan Ankara və onun regiondakı müttəfiqi olan Azərbaycanla problemlərini həll etməyincə Türkiyə sərhədləri açmayacaq. Belə bir bəyanatla Türkiyənin dövlət naziri Mehmet Şimşək çıxış edib.
Dövlət naziri Ermənistanla həmsərhəd olan İqdır vilayətinin regional inkişafına həsr olunmuş toplantıda bildirib ki, 960 milyard dollar dəyərində alıcılıq qabiliyyəti olan Türkiyənin Ermənistanla iqtisadi ilişkilərə ehtiyacı yoxdur.
Mehmet Şimşək qeyd edib ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün məhz Ermənistan tərəfindən müvafiq addımlar atılmalıdır: "Bizim deyil, onların bizə ehtiyacı var"

Vətənpərvər | Cəbhə , Siyasət | Şərhlər(0) | Baxış sayı: 68 |

Açar sözlər:

PKK İRAN-TÜRKİYƏ QAZ KƏMƏRİNİ PARTLATDI

May 27, 2008 17:36

Kəmərin bir hissəsi sıradan çıxıb, qaz nəqli dayandırılıb

İran-Türkiyə qaz kəmərinin Türkiyə hissəsində mayın 26-na keçən gecə güclü partlayış baş verib. Yerli KİV-lərin məlumatlarına görə, partlayış Türkiyənin İrana sərhədlərindən 13 kilometr məsafədə törədilib. Partlayış nəticəsində kəmərin bir hissəsi sıradan çıxıb, güclü yanğın başlayıb. İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Partlayışla bağlı İran tərəfi kəmərlə qaz nəqlini dayandırıb. Hadisə yerinə təmir briqadaları göndərilib.
Türkiyənin Enerji Nazirliyinin nümayəndəsi bildirib ki, hadisəni kimlərin törətdiyi məlum deyil, ancaq çox güman ki, təxribat PKK terrorçularının işidir. Rəsmilər kəmərin bərpasının bir neçə gün vaxt apara biləcəyini deyiblər. İran qaz kəməri Türkiyənin təbii yanacağa olan tələbatının 20 faizini təmin edir. Son vaxtlar İran PKK ilə mübarizədə Türkiyə ilə əməkdaşlıq edir, həmçinin öz ərazisində PKK-nın qolu olan PJAK-a qarşı əməliyyatlar aparır.

Vətənpərvər | Siyasət | Şərhlər(0) | Baxış sayı: 59 |

Açar sözlər:

"Rusiya Azərbaycan-Ermənistan münaqişəsində maraqlıdır"

May 26, 2008 22:53

Azərbaycanın Belorusdakı səfiri belə bir bəyanatla çıxış edib

Azərbaycanla Ermənistan arasındakı münaqişədə ilk növbədə Rusiya maraqlıdır. Bu bəyanatı 28 May-Respublika Günü mınasibətilə Minskdə keçirdiyi mətbuat konfransında Azərbaycanın Belorusdakı səfir Əli Nağıyev verib.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasındakı böhranlı vəziyyətdə Rusiyanın maraqları hiss olunur: "Bu böhran Rusiya istədiyi təqdirdə aradan qalxacaq. Mən bu sözlərimin hər birinin altında imza qoymağa hazıram".
Səfir Azərbaycanın bir qarış torpağının da güzəştə gedilməyəcəyini vurğulayıb.
Xatırladaq ki, məlumatı "İnterfaks" agentliyinin Belorus bürosu yayıb.

Vətənpərvər | Siyasət | Şərhlər(0) | Baxış sayı: 48 |

Açar sözlər:

Azərbaycan Xalq Cümhuriyyəti - 90

May 26, 2008 22:41

Məhəmməd Əmin Rəsulzadə: "28 May bizim dövlət oluş günümüzdür"
Professor Qüdrət Əbdülsəlimzadə: "Cümhuriyyətin tanınması təkcə xalqımızın deyil, bütün Türk Dünyasının tarixi zəfəri idi"

90 il əvvəl varlığını təsdiq edən Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində gördüyü işlər həmişə xatırlanacaq. Cümhuriyyət qurucuları uca millətçi ziyalılar idilər. Bu əməllərin çağdaş dönəmdə daha inadla inkişaf etdirilməsi gərəkdir. Bu barədə danışan professor Qüdrət Əbdülsəlimzadə deyir: "Sivil dövlətçilik prinsiplərinə və atributlarına - çoxpartiyalı parlamentə, peşəkar siyasətçi və peşəkarlardan ibarət hökumətə, orduya, milli valyutaya, himnə, üçrəngli bayrağa, gerbə malik Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, qədim Odlar Yurdu Azərbaycanın keçdiyi əzablı yolların, sərt dönüşlərin, ziddiyyətli, ictimai-siyasi, iqtisadi-sosial, mədəni-mənəvi inkişaf prosesinin şərəfli yekunu oldu. Millətlərin özünüdərk və oyanışı prosesi əvvəlki nəsillərin maarifçilik ideyaları, yeniləşmək arzuları, mübarizlik çağırışları, insan hüquqlarına, onun ləyaqətinə hörmət göstərilməsi təməlində formalaşır. Bu mənada Abbasqulu Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Rəşid bəy Əfəndiyev, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Firidun bəy Köçərli, Əlibəy Hüseynzadə, Əhməd Ağaoğlu, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Əhməd Cavad, Hüseyn Cavid və başqaları tərəfindən əsası qoyulan müxtəlif istiqamətli ictimai-siyasi, sosial-iqtisadi, mədəni-əxlaqi mütərəqqi meyllər millətimizin taleyinə çox böyük təsir göstərib".
Davamı...

Vətənpərvər | Siyasət, Vətənpərvərlik | Şərhlər(0) | Baxış sayı: 59 |

Açar sözlər:

Ermənistan silahlı qüvvələrinin yandırdığı Azərbaycan torpaqlarının miqyası günü gündən genişlənir

May 26, 2008 22:29

Ermənistan silahlı qüvvələrinin yandırdığı Azərbaycan torpaqlarının miqyası günü gündən genişlənir. Düşmən ötən gecə Ağdamın işğal altında olan Şıxlar kəndinin ərazisinə od vurub. Alov neytral ərazilərdə genişlənərək, Orta Qışlaq kəndinədək gəlib çatıb. Sakinlərin sözlərinə görə, yanğınlar zamanı orta qışlağı qatı tüstü bürüyüb. Bundan sonra isə kənddə çoxsaylı həşaratlar görünüb. Cəbhəyanı kənd sakinləri yanğınlar zamanı partlayış səsləri də eşidiblər.

Vətənpərvər | Cəbhə | Şərhlər(0) | Baxış sayı: 52 |

Açar sözlər:

QARABAĞ DANIŞIQLARINI RUSİYA POZUB

May 26, 2008 22:21

“2006-cı ilə qədər Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar Azərbaycanın ərazi bütövlüyünün tanınması prinsipi çərçivəsində gedirdi, lakin həmin il Minskdə MDB sammiti zamanı prezidentlər arasında keçirilən görüşdən sonra Ermənistan mövqeyini dəyişdi”.

Bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov “Azadlıq” radiosuna müsahibəsində deyib. “2004-cü ildən başlayaraq münaqişənin həlli ilə bağlı müzakirələr ”Praqa prosesi" çərçivəsində irəliləmişdi. 2004-cü ildə biz Praqada ATƏT-in Minsk Qrupunun həmsədrləriylə bir araya gəlib, prosesin hansı əsaslarda aparılacağını müzakirə etmişdik. O zaman bu prosesin bünövrəsini təşkil edən əsas elementlər müzakirə olunmuşdu" deyə Əzimov bildirib.
Nazir müavininin sözlərinə görə, həmin əsas məqamlar bunlar idi: 1. Azərbaycan problemin həllini yalnız özünün ərazi bütövlüyü çərçivəsində təsəvvür edir, Dağlıq Qarabağ regionu Azərbaycanın tərkibində qalır. 2. Azərbaycanlılar Dağlıq Qarabağa qayıdır. 3. Dağlıq Qarabağın statusunun müəyyən edilməsi yalnız iki icmanın eyni səviyyədə, təhlükəsiz birgəyaşayışı və əməkdaşlığı şəraitində aparılır. Onlar bu işdə iştirak edirlər, buna nail olmaq üçünsə hərbi məsələlər həll edilir, yəni ərazilər boşaldılır, minalardan təmizlənir və s. Praqa elementləri məhz bunlar idi: “2004-cü ildən 2006-cı ilin noyabrına qədər bu proses inkişaf edirdi. Lakin təəssüf ki, 2006-cı ilin dekabr ayında Minskdə yüksək səviyyədə keçirilən görüşlər zamanı ermənilər öz mövqelərinə dəyişiklik gətirməyə və qeyri-konstruktiv, destruktiv mövqe tutmağa başladılar. Beləcə, 2007-ci ilə qədəm qoyduq. Daha sonra Ermənistanda parlament seçkiləri, prezident seçkisi keçirildi. Məncə, bu proses çərçivəsində həmsədrlər də müəyyən səhvlərə yol vermişdi. Lakin bu səhvlər heç də dönməz deyil, proses düzəlməlidir. Ərazi bütövlüyü məsələsinin alternativi yoxdur”.
Qeyd edək ki, söhbət 2006-cı ilin noyabrında Minskdə MDB-nin sammiti zamanı Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan prezidentləri arasında aparılan danışıqlardan gedir. Həmin görüşdən əvvəl prezidentlərin razılaşma əldə edəcəyinə böyük ümidlər var idi. Lakin bu, baş tutmadı və əgər məsələ cənab Əzimovun dediyi kimidirsə, belə nəticə çıxır ki, Ermənistan həmin görüşə qədər danışıqlarda nisbətən konstruktiv mövqe tutub, lakin Minsk görüşündə mövqeyini dəyişib və beləliklə razılaşmaya olan ümidlər boşa çıxıb. Şübhəsiz ki, burada Rusiyanın rolu danılmazdır. Çünki Ermənistan Qarabağ danışıqlarında Rusiya ilə razılaşdırmadan heç bir addım atmayıb və atmır. Dəfələrlə olub ki, danışıqlar prosesində hansısa ümidlər yarandığı bir vaxtda Rusiya diplomatlarından aldıqları təlimat əsasında erməni tərəfdən prosesi aparanlar diametral zidd mövqeyə keçiblər.
Əzimov deyib ki, məhz Minsk danışıqlarından sonra Azərbaycan Qarabağ məsələsini BMT müstəvisinə çıxarmaq üçün səylərə başlayıb. Onun sözlərinə görə, BMT-də qəbul olunmuş qətnamə Praqa elementlərinə əsaslanır, yəni ərazilər boşaldılır, məcburi köçkünlər öz torpaqlarına qayıdır və iki icmanın iştirakı ilə özünüidarəetmə mexanizmi yaradılır. Diplomatın fikrincə həmsədr ölkələrin bu qətnaməyə qarşı çıxmalarının səbəbini anlayır: “Onlar aparılan prosesə kənardan hansısa faktorların gətirilməsini qəbul etməkdə çətinlik çəkirlər. Düşünürlər ki, onlara sakit bir şərait lazımdır ki, Ermənistan hansısa bəhanə axtarmadan müzakirəyə cəlb edilsin. Lakin belə sükut şəraitinin yaradılması Ermənistana imkan verir ki, öz destruktiv mövqeyini davam etdirsin. Ona görə Azərbaycan öz iqtisadi inkişafı ilə, regional layihələr irəli sürməklə, region səviyyəsində öz rolunu təsbit etməklə və siyasi addımlar atmaqla yeni mühit yaradır. Elə bir mühit ki, Ermənistan hiss etsin, anlasın ki, vəziyyət dözülməzdir”. Əzimova görə, həmsədrlər prosesi istədikləri kimi idarə etməyə çalışırlar. Nazir müavini deyib: “Azərbaycan tərəfi bütün siyasi spekulyasiyaları bir kənara qoyub Ermənistana konkret sualla müraciət edir ki, onlar münaqişənin həllinə hazırdırlarmı? Çünki münaqişənin həlli yalnız bir əsasda olacaq - Azərbaycanın ərazi bütövlüyü çərçivəsində. Bu ”hə", ya “yox” məsələsidir. Razıdırlarsa, bütün məsələləri həll etmək mümkün olacaq. Azərbaycan bu prinsip çərçivəsində güzəştlərə hazırdır".
Qeyd edək ki, Ermənistanın yeni formalaşan hakimiyyəti də əvvəlki kimi danışıqların yalnız Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi prinsipi əsasında aparıla biləcəyini bildirir. Bu cür mövqe ilə həm prezident Serj Sərkisyan, həm də xarici işlər naziri David Nalbəndyan çıxış ediblər. Erməni tərəfi bildirir ki, danışıqlar masası üzərindəki sənəd Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi hüququna əsaslandığı üçün qəbul edilə bilər. Əgər rəsmi Bakının da mövqeyi Əzimovun açıqladığı ilə üst-üstə düşürsə, bu, o deməkdir ki, erməni tərəfinin mövqeyi üzündən danışıqlar prosesi artıq heç bir məna kəsb etmir.

Vətənpərvər | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 44 |

Açar sözlər:

«Azərbaycan Xalq Cumhuriyyətinin 90 illiyi münasibətilə geniş bayram tədbirləri keçiriləcək»

May 26, 2008 22:19

Bayram münasibətilə Milli Məclisin yubiley iclası da olacaq

«Azərbaycan Xalq Cumhuriyyətinin 90 illik yubileyi münasibəti ilə geniş bayram tədbirləri keçiriləcək. Bayram münasibəti ilə Milli Məclisin yubiley iclası olacaq». Bu məlumatı "Turan"a Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov verib.

Onun sözlərinə görə, Azərbaycan prezidentinin Xalq Cumhuriyyətinin 90 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamına uyğun olaraq, mayın 26-da Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, Milli Elmlər Akademiyası birgə elmi konfrans keçirəcək. Axşam isə Dövlət Filarmoniyasında konsert olacaq.

Mayın 28-də isə Milli parkda bayram konserti təşkil ediləcək. Bayram tədbirləri atəşfəşanlıqla başa çatacaq. Bununla yanaşı, ölkənin ali və orta məktəblərində, mədəniyyət evlərində, sərgi salonlarında Xalq Cumhuriyyətinin 90 illiyinə həsr olunmuş tədbirlər keçiriləcək.

Vətənpərvər | Vətənpərvərlik | Şərhlər(0) | Baxış sayı: 54 |

Açar sözlər:


« Əvvəlki səhifə   Yazılar cəmi: 62    Sonrakı səhifə »