Reklam verin!

Ermənistan silahlı qüvvələrinin yandırdığı Azərbaycan torpaqlarının miqyası günü gündən genişlənir

May 26, 2008 22:29

Ermənistan silahlı qüvvələrinin yandırdığı Azərbaycan torpaqlarının miqyası günü gündən genişlənir. Düşmən ötən gecə Ağdamın işğal altında olan Şıxlar kəndinin ərazisinə od vurub. Alov neytral ərazilərdə genişlənərək, Orta Qışlaq kəndinədək gəlib çatıb. Sakinlərin sözlərinə görə, yanğınlar zamanı orta qışlağı qatı tüstü bürüyüb. Bundan sonra isə kənddə çoxsaylı həşaratlar görünüb. Cəbhəyanı kənd sakinləri yanğınlar zamanı partlayış səsləri də eşidiblər.

Vətənpərvər | Cəbhə | Şərhlər(0) | Baxış sayı: 52 |

Açar sözlər:

Ermənilərin Tapqaraqoyunlu kəndini atəşə tutması nəticəsində 20-dan çox evə ziyan dəyib

May 23, 2008 16:37

1 həftədir fasilələrlə atəşə tutulan kənd, sonuncu dəfə bir saata yaxın qumbaraatanlardan gülləbaran edilib

Ermənilərin mayın 21-də Goranboyun cəbhə xəttində yerləşən Tapqaraqoyunlu kəndini atəşə tutması nəticəsində 20-dan çox ev ziyan çəkib. Sakinlərin sözlərinə görə, 1 həftədir fasilələrlə atəşə tutulan kənd sonuncu dəfə bir saat ərzində qumbaraatanlardan gülləbaran edilib. Əsasən dam örtüklərinə, divarlara dəyən güllələr evlərin içinə də girib. Kənd sakini Nigar Məmmədcəfərovanun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, qəlpələr evə də səpələnib.
Təsərrüfatda işlərin qızğın dövrü olmasına baxmayaraq atışmalar intensivləşdiyindən əhali əkin sahələrinə və otlaqlara çıxa bilmir. Bundan başqa, sakinlər gündəlik məişət qayğılarının həllində də çətinlik çəkir.
Əsasən avtomat silahlardan atəşə tutulan Tapqaraqoyunluya bu dəfə həm də iriçaplı pulemyot güllələri və 10-a qədər dəzgahlı qumbaraatan mərmisi düşüb. Mərmilər əkin sahələrinə düşdüyündən ölən və ya yaralanan olmayıb.

Xatırladaq ki, axırıncı dəfə bu ilin mart ayının əvvəllərində şiddətli atəşə məruz qalan Tapqaraqoyunluda 2 nəfər kənd sakini yaralanmışdı. /ANS PRESS/

Vətənpərvər | Cəbhə | Şərhlər(0) | Baxış sayı: 59 |

Açar sözlər:

Azərbaycan Ordusunun zabiti şəhid olub

May 17, 2008 21:00

24 yaşlı leytenant Vüqar Nəcəfov Ağdamın Çəmənli kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində dünyasını dəyişib

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti şəhid olub. ANS PRESS-in Qarabağ bürosunun məlumatına görə, 24 yaşlı leytenant Vüqar Nəcəfov mayın 16-da axşam saat 19.30 radələrində Ağdamın Çəmənli kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində dünyasını dəyişib. Qeyd edək ki, zabit Füzuli rayonundan hərbi xidmətə çağırılıbmış

Vətənpərvər | Cəbhə , Vətənpərvərlik | Şərhlər(0) | Baxış sayı: 66 |

Açar sözlər:

Ermənistanda hərbi xidmətə çağırılanların yarıdan çoxu xəstədir

May 14, 2008 17:57

"Bu gün orduya Ermənistanın çətin günlərində, zəlzələdən sonra dünyaya gələn, soyuq və qaranlıq şəraitdə böyüyən gənclər çağırılır"

Ermənistanda hərbi xidmətə yaz çağırışında 800 gəncdən 500-ü əlavə müayinənəyə göndərilib. Erməni mətbuatının məlumatına görə, onların hərbi xidmətə yararlı olub-olmaması yoxlanılacaq. «Bu gün orduya Ermənistanın çətin günlərində, zəlzələdən sonra dünyaya gələn, soyuq və qaranlıq şəraitdə böyüyən gənclər çağırılır. Güman ki, çağırış yaşına çatmış gənclərin sağlamlığı ilə bağlı problemlərinin artması da bununla bağlıdır», - deyə Kotayka hərbi komissarlığının baş həkimi Nune Avetisyan bildirib.
Onun sözlərinə görə, bütün çağırışlarda döş qəfəsi, onurğa sütunu, o cümlədən yastıayaqlılıqla bağlı problemləri olan gənclərə rast gəlinir. Lakin son çağırışda psixi pozulma, sinir sisitemi və göz xəstəlikləri ilə olan çağırışçıların sayının artdığı müşahidə edilib.

Qeyd edək ki, Ermənistanda hərbi xidmətdə qulluq etmək istəməyən cavanların əksəriyyəti ölkəni tərk edirlər. Qeyri-rəsmi  məlumatlara görə, son 1 ildə ölkəni mindən artıq gənc tərk edərək Rusiyaya üz tutublar.

Vətənpərvər | Cəbhə | Şərhlər(0) | Baxış sayı: 69 |

Açar sözlər:

Sərhəd Qoşunlarının əsgəri intihar edib

May 13, 2008 21:57

22 yaşlı Tofiq Arif oğlu Ağayevin meyidi Şıx çimərliyi yaxınlığında tapılıb

Dövlət Sərhəd Xidmətinin əsgəri intihar edib. Səbayel rayon prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin əsgəri 22 yaşlı Tofiq Arif oğlu Ağayevin meyidi mayın 8-də rayonun Şıx çimərliyi yaxınlığında tapılıb. Onun üzərində zorakılıq əlamətləri olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünüöldürmə həddinə çatdırma) ilə cinayət işi başlanılıb. İstintaqı Hərbi Prokurorlıq aparır.

Vətənpərvər | Cəbhə | Şərhlər(0) | Baxış sayı: 66 |

Açar sözlər:

Salyana əsgər meyidi gətirilib

May 13, 2008 21:55

Ailəsi onun ermənilər tərəfindən vurulduğunu iddia etsə də, hərbi hissə nümayəndələri bunun əksini bildirir


Salyan rayonun Həsənli kəndinə əsgər meyidi gətirilib. Bu, 1989-cu il təvəllüdlü Süleymanov Fuad Süleyman oğludur. Məlumatı ANSPRESS-ə onun böyük qardaşı Rövşən Süleymanov verib. Hadisə Qazax rayonunun cəbhə xəttindəki Quşçu Ayrım kəndində baş verib. Fuad Süleymanovun ailəsi iddia edir ki, onu ermənilər vurub. Onların sözlərinə görə, meyidin başının arxasında güllə yeri var. Lakin əsgərin meyidini kəndə gətirən hərbçilər bunun əksini bildiriblər. Onlar mərhumun ailəsinə məlumat veriblər ki, Fuad Süleymanov özü-özünü ağzından vurub və güllə başının arxasından çıxıb.
Qeyd edək ki, Fuad Süleymanov hərbi xidmətinin 1 il 5 ayını başa vurub. Müdafiə Nazirliyi mətbuat xidmətindən ANSPRESS-ə bildiriblər ki, onlarda əsgərin ölümü ilə bağlı məlumat yoxdur və fakt mayın 14-də araşdırılacaq.

Vətənpərvər | Cəbhə | Şərhlər(0) | Baxış sayı: 62 |

Açar sözlər:

SƏSSİZLİKDƏN BEZİB ŞUŞA. İSTƏYİR Kİ, TUFAN QOPSUN, MƏRMİLƏRDƏN LEYSAN OLSUN ƏTƏYİNDƏ

May 8, 2008 15:02

İstəyir ki, salam desin Azərbaycan əsgərinə. Müjdə versin dörd tərəfə. Qələbəni müjdələsin. “Əhsən!” desin Azərbaycan əsgərinə bizim Şuşamız!!!

8 may! Bu tarix təqvimə qara rənglə həkk edilib. Azərbaycan tarixində böyük bir itki. Sağalmaz yara. Alınmaz qala Şuşanın alınması tarixidir bu tarix.

Şuşa. Bu Şuşa bizim Şuşadır. Bu torpaq bizim torpaqdır. Bizim, yəni hamımızın. Hamımızın dərdidir bu dərd. Bəlkə elə ona görə də hammız bu dərdi çəkməliyik. Hər dəfə 8 may gələndə utanmalıyıq özümüzdən. Tarixdəki 8 maydan. Ona görə ki, qəriblikdə olan Şuşa, bizim Şuşa, bizi axtarır, səsləyir bizi. Bizim körpələrin səslərini eşitmək istəyir. Bizim əkməyimizi istəyir öz torpağını, bizim sevməyimizi istəyir öz dağını, öz daşını.

Bezib Şuşa, səssizlikdən bezib Şuşa. İstəyir ki, tufan qopsun, mərmilərdən leysan olsun ətəyində. Topların gurultusunu, tankların xırıltısını, Azərbaycan əsgərinin “İrəliyə!” səsini eşitməyə həsrət qalıb Şuşa.

İstəyir ki, salam desin Azərbaycan əsgərinə. Müjdə versin dörd tərəfə. Qələbəni müjdələsin. “Əhsən!” desin Azərbaycan əsgərinə. Yəni bizim əsgərlərə. Çünki bizim Şuşadır O. Orda olan Cıdır düzü bizimdir. Torpağında bitən gül və tikan bizimkidir. Ovuclasan torpağını yerə töksən əlindəki qalan torpaq qalıqları bizimkidir. Ətəyindən axan bulaq bizimkidir. Göylərindən yağan yağış bizimkidir...

Budur yenə, xain tarix! Dövr elədi, gəldi çatdı 8 maya. Bizi Şuşanın bizsizliyi biz vurubdur ürəyimə. Utanıram mən özümdən. Qorxağam mən?! Axı gəl-gəl deyir 16 il həbsdəki bizim Şuşa. Qulağımı bağlayıram eşitməyim o səsləri. Gözlərimi yumuram ki, görməyəm mən anaların fəryadını, oxumuram tariximi. Utanıram kitabdakı o cümlədən, o tarixdən, 8 maydan...

8 mayda otururam öz evimdə, çıxmıram mən şəhərə. Utanıram üzərində şəkil olan reklam lövhəsindən, utanıram parkda gəzən bixəbər millətimdən. Utanıram musiqini “Şuşa” adlı kafelərdə eşidəndə. Utanıram özümüzdən.

“Bizim Şuşa” deyəndə də utanıram həm Şuşadan, həm də onun önündəki “biz” sözündən. Bizdə olmayana “bizim” deyib toxdadırıq özümüzü. Bu yolla da keçiririk 8 mayda günümüzü. Xatırlamaq istəmirik biz bu günü. Məhz bu gündə bağlayırıq qulağımızı, eşitməyək biz Şuşanın “gəl” səsini.

Amma vicdan! Vicdan öz nəğməsini çalır bizə həzin-həzin. Layla deyir könlümüzə - Qorxmazlığın laylasını. Qulağımız duymasa da vicdan duyur Şuşamızın “gəl” səsini.

İstəyirəm od qalayım. Gəlsin bura görən odun tüstüsünü. Onlarla verəm əl-ələ. Sipər olaq, birlik quraq. Eşitdirək mərmilərin səsini Şuşamıza. “Salam” desin bizə Şuşa. Qələbəni müjdələyək. Qırmızı rəngdə yazaq 8 mayı təqvimimizə. Sevinək gələndə bu gün. Qələbə günü olsun bizə. Utanmayaq 8 maydan, utanmayaq özümüzdən...

İstəyirəm ki, “çıx!” deyək erməniyə. Qovaq onu Şuşamızdan. Elə qovaq, qaçanda da özü ilə aparmasın bir daşı da, ayaqqabısını altında qalan quru torpağı da. Havanı da aparmasın. Udmasın heç Şuşamızın havasını...

Bunlar mənim istəyimdir, arzumdur ki, belə olsun. Gücüm çatmır mənim arzum reallaşsın. Dostum çatmır mənim arzum reallaşsın. Necə deyim parkdakı camaata mənim dostum, necə deyim kafelərin sahibinə mənim dostum…

Nə olaydı, 8 mayda hər yerdə olaydı Şuşa. Təkcə bugün lövhələri Şuşadakı məscidlərin, qalaların şəkilləri bəzəyəydi. Nə olaydı, dost olaydı. Nə olaydı, Şuşamızı qaytaraydıq. Nə olaydı, Şuşamızın havasını biz udaydıq... “Nə olaydı” dediklərim kaş olaydı...

Xəqani SƏFƏROV,
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Vətənpərvər | Cəbhə , Siyasət, Vətənpərvərlik, Qarabağın rayonlarının şəkilləri | Şərhlər(0) | Baxış sayı: 81 |

Açar sözlər:


« Əvvəlki səhifə   Yazılar cəmi: 37    Sonrakı səhifə »